11/07/2020 03:23
728 x 90

Azərbaycan Prezidentindən Ermənistana və dünya qüvvələrinə "qüdrətli milli ordu'" mesajı...

Emin Həsənli: “Ordumuzun ən müasir səviyyəyə gətirilməsi üçün illərlə aparılan iş öz nəticəsini və bəhrəsini verir”

img

Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib. Açılış zamanı ölkə başçısı bir sıra məsələlərə toxunub. O cümlədən, ordu quruculuğu haqqında da fikir bildirib.

Prezident qeyd edib ki, ordu quruculuğu onun Prezident kimi fəaliyyətində həmişə ön plandadır: “Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”.

Doğrudan da  bu gün Azərbaycanın güclü ordusu var. Ordumuz istənilən vəzifəni icra etməyə daim hazırdır.

Hərbi ekspert Emin Həsənli bildirdi ki, Azərbaycanın hər bir vətəndaşı Silahlı Qüvvələrlə qürur duyur, ordumuz bizim qürur mənbəyimizdir: “Hər bir vətəndaş öz qəhrəmanına, əsgərinə, ordusuna sayğı ilə yanaşmalı, ona hörmət etməlidir. Sevindirici haldır ki, bu gün Azərbaycanda vətənpərvər gənclik yetişir. Qəhrəmanlarımız, hərbi qüvvələrimiz və bu torpaqlar həmişə xalqımız tərəfindən əziz tutulub.

Hesab edirəm ki, ordumuz qısa bir vaxtda torpaqlarımızı işğaldan azad edəcək. Ali Baş Komandan əmr versə, ordumuz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Azərbaycan dövləti həm ordu quruculuğunda, həm iqtisadi, həm xarici siyasətdə, həm də sosial sahələrdə məqsədyönlü və ardıcıl işlər aparır. Bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu hərbi mütəxəssisləri, o cümlədən, düşmən ölkənin ekspertləri də açıq bəyan edirlər ki, Azərbaycan regionda Ermənistandan qat-qat güclüdür – bütün parametrlər üzrə, xüsusən də ordu quruculuğunda əldə etdiyi nailiyyətlərə görə”.

Həmsöhbətimizin sözlərinə görə, ordumuzun ən müasir səviyyəyə gətirilməsi üçün illərlə aparılan iş öz nəticəsini və bəhrəsini verir: “Ordumuzda xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji və döyüş hazırlığı da çox yüksək səviyyədədir. Bütün qoşun növləri – həm Daxili Qoşunlar, həm Dövlət Sərhəd Xidməti, həm də Hərbi Hava Qüvvələri, Quru Qoşunları çox yüksək səviyyədə təşkil olunub. Həyata keçirilən təlimlər də bunu əyani şəkildə göstərir. Bu gün ordumuz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdır”.

Günel CƏLİLOVA

Son xəbərlər