11/07/2020 03:24
728 x 90

Qarabağ məsələsində Azərbaycanın uduşunu təmin edən üç mühüm şərt - Prezident Əliyevdən dəqiq “diaqnoz”...

img

Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşündə çıxışı zamanı  Qarabağ probleminin həllində vacib olan başlıca 3 amildən danışıb:

“... Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada, siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezidentin Qarabağ məsələsində Azərbaycanın uduşunu təmin edən üç mühüm şərt kimi: beynəlxalq hüquq, hərbi qüdrətimiz və  iqtisadi üstünlüyümüzü qeyd etməsi münaqişənin həllində nə kimi əhəmiyyət kəsb edir?

  • “Sadalanan üç mühüm amili münaqişənin həlli üçün vacib saymaq olar”

Politoloq Zamin Axundlu  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının bu təsnifatı uzun illərin təcrübəsinə əsaslanır:“Görünən budur  ki, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək müşkülə çevrilib. Çünki işğalçı Ermənistan danışıqlarda konstruktiv mövqe nümayiş etdirmir. Bu baxımdan münaqişənin həll prosesini irəli aparmaq  mümkün deyil. BMT-nin mandatı ilə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu münaqişənin uzanmasına rəvac verən tərəf kimi çıxış edir. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra, demək olar ki, danışıqlar prosesi tamam dalana dirənib. Konkret predmetlər və əsaslar üzrə danışıqları bərpa etmək mümkün olmur. Çünki Paşinyan hökuməti həmin predmetlər üzrə danışıqlar aparmaqda maraqlı deyil, hər dəfə müəyyən bəhanələrlə zaman qazanmaq istəyir. Yəni bu məsələdə beynəlxalq hüququn Azərbaycanın tərəfində olması danılmazdır. Belə olan halda, alternativ olaraq, problemin hərbi yolla həll olunması məsələsi gündəmə gəlir ki, bu yöndə də konkret addımlar atıla bilər. Hərbi qüdrət baxımından da Azərbaycan Ermənistandan çox üstündür. Həm diplomatik, həm də hərbi yolla məsələnin həllini şərtləndirən vacib amillərdən biri də iqtisadi qüdrətdi. Bütün bu parametrlərə Azərbaycan malikdir və onları sınaqdan çıxarıb. Ölkə başçısı son illərdə azad edilən Azərbaycan ərazilərindən danışdı. Bu baxımdan da, sadalanan üç mühüm amili münaqişənin həlli üçün vacib saymaq olar”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər