15/07/2020 05:50
728 x 90

Beynəlxalq hüquq müstəvisində Ermənistanın aşkar fiaskosu - Aydın Quliyev yazır...

img

Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarının Ermənistanda əsasən daxili siyasi oyun alətinə çevrildiyinin əlamətləri aşkar görünür. Ermənistan vətəndaşlarının Avropa Məhkəməsi qarşısında iddialarının heç biri yerinə yetmədiyi halda daxildə böyük təbliğat-reklam hay-küyü başlayıb. Aydın görünür ki, əslində Avropadakı hüquqi nəticəsizlik Ermənistanda siyasi hakimiyyətin qələbəsinə oxşar hadisə kimi təqdim edilir. Ermənistan hakimiyyəti Avropa Məhkəməsinin qərarından siyasi istifadəni öncədən planlaşdırıb və hazırda atılan bütün təbliğat addımları bunu sübut edir.

Ermənistan hakimiyyətinin Avropa Məhkəməsinə çıxmaqda konkret hədəfləri var idi. Ermənilər Ramil Səfərova bəraət qərarını ləğv etdirmək, cinayət təqibi prosesini yenidən başlatmaq, Azərbaycan və Macarıstan dövlətlərinin qətl faktına görə hüquqi məsul subyektlər hesab edilməsinə nail olmaq istəyirdi. Ən əsas və uzaq məqsəd isə Azərbaycanın guya dövlət səviyyəsində ermənifob siyasət apardığına bütün dünyanı inandırmaq idi. Sonda yalnız iflas oldu. Ermənistan hədəflərinin heç birinə nail ola bilmədi. Doğrudur ki, Avropa Məhkəməsi Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təsdiqlədi. Bu maddə yaşamaq azadlığının pozulması ilə bağlıdır. Lakin Ermənistan yaşamaq azadlığının pozulmasına görə hüquqi məsul tərəf kimi Azərbaycanı sübuta yetirə bilmədi. Bütün dünya bir daha gördü ki, 2004-cü ildə Macarıstanda törədilmiş qətlin Azərbaycan dövləti ilə heç bir bağlılığı və ya idarəçiliyi yoxdur, qətlin arxasında tək məsul şəxsin subyektiv iradəsi dayanır.

Əslində, 2006-cı ildə Macarıstan məhkəməsinin özü də qətldə Azərbaycan dövlətinin məsuliyyət daşıdığına dair hər hansı yozum üçün bəhanə verməyən qərar qəbul etmişdi və Avropa Məhkəməsi də Azərbaycanın bir dövlət olaraq etnik fobiya üzərindən qətldə suçlanması  cəhdlərinə qətiyətlə imkan vermədi. Avropa Məhkəməsinin hazırkı qərarında Ramil Səfərovun məlum cinayəti törətməsinin motivlərinin kölgədə buraxılması hüquqi yanaşmada qüsur sayılmalıdır. Ramil Səfərov özü və ailəsi bir milyona yaxın azərbaycanlı kimi Ermənistanın  dövlət təcavüzünün qurbanıdır və sözsüz ki, bu faktor onun məlum hadisəni törətməsinin həlledici motividir. Əgər bu motiv məhkəmə tərəfindən ciddi hüquqi arqument kimi nəzərə alınsaydı, vəkillik xərcləri istisna olmaqla, Azərbaycanın təzminat ödəməsi barədə qərar da qəbul edilməzdi .

 Bütün hallarda, Ermənistan beynəlxalq hüquq müstəvisində yeni fiasko faktı ilə üzləşdi. Ermənistanın bu məhkəmə qərarı ətrafındakı hay-küyü Qarabağ münaqişəsinin mahiyyətini və Azərbaycan torpaqlarının işğal faktını növbəti dəfə uğursuzcasına gizlətmək cəhdidir.

Son xəbərlər