Yunanıstanda Syriza partiyasının qələbəsi məlum olandan sonra avronun dollara nisbətən sürətlə ucuzlaşması qeydə alınsa da, avronun dəyəri bərpa olunub.
Yunanıstan seçkilərində Avropanın əsas birjalarında da ilkin enmədən sonra artım müşahidə olunub.
BBC yazır ki, bu, ümidlərin artmasına görədir: investorlar inanırlar ki, Almaniya Yunanıstanın borclarının ləğv edilməsinə razılıq verər.
Bazar ertəsi səhər saatlarında Tokyo valyuta birjasında 1 avronun alqı-satqısı 1,1088 dollar dəyərilə aparılıb - bu, 2003-cü ildən indiyədək avro üçün qeydə alınmış ən aşağı məzənnə idi.
Syriza partiyasının qələbəsi fond birjalarına da təsir edib.
Günortaya yaxın Fransada CAC40 indeksinin 0,36%, Britaniyada FTSE100 indeksinin 0,57%, Almaniyada isə DAX30 indeksinin 0,17% enməsi qeydə alınıb.
Syriza partiyası Yunanıstanda Avropa İttifaqının tərəfindən hazırlanmış sərt iqtisadi tədbirlərin əleyhinə çıxış edir.
Yunanıstanda bazar günü keçirilmiş parlament seçkilərində ölkə parlamentinə yerlər uğrunda yarışda Syriza partiyası qalib gəlib.