Bahalı maşınlar yenidən bahalaşdı
.jpg?v=1520254601)
Avtomobil idxalı zamanı tətbiq edilən aksiz vergisi, gözlənildiyi kimi, mühərrik həcmi böyük olan maşınların qiymətinin artmasına səbəb olub. Ümumiyyətlə, bahalaşma özünü qiyməti onsuz da yüksək olan avtomobillərdə daha qabarıq formada büruzə verir. Ekspertlər qiyməti yüksək olan bütün növ maşınlarda bahalaşma həddinin yüksək olacağını bildirir. Məsələn, artıq Bakıda ABŞ istehsalı olan "Cadillac" və "GMC" avtomobilləri bahalaşıb.
"Great Motors Baku Center" şirkətinin marketinq meneceri İlqar Məhərrəmov "fins" portalına bildirib ki, avtomobillərə tətbiq olunan aksiz vergisinin artırılması avtomobillərin qiymətinə də təsir göstərib. Belə ki, "Cadillac" və "GMC" avtomobillərinin qiyməti 13-16% arasında bahalaşıb. Əvvəl 92 min manata satılan "GMC YUKON" indi 107 min manata satılır. 2015-ci il model "Cadillac Escalade" avtomobilinin qiyməti isə 109 min manatdan 124 min manata qədər bahalaşıb.
Ümumiyyətlə, ölkəyə idxal olunan minik avtomobillərinə tətbiq edilən aksiz dərəcələrinin artırılmasına Azərbaycanda fəaliyyət göstərən rəsmi dilerlər tədricən reaksiya verməyə başlayır. Hesab edilir ki, bu gedişlə, ölkəyə idxal olunan böyük mühərrikli nəqliyyat vasitələrinin sayı kəskin şəkildə azala bilər. Yaponiyanın "Toyota" şirkətinin Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzinin baş direktoru Mustafa Abbasbəyli isə bu günlərdə verdiyi açıqlamada ölkəmizdə də kifayət qədər yaxışı tanınan "Toyota"nın bəzi modellrində qiymət artımını istisna etməyib. Məsələn, "Toyota Land Cruiser Prado" modeli Azərbaycanda ən çox satılan avtomobillərdən biridir. Bu avtomobilin mühərrik həcmi xeyli yüksək olduğundan, aksiz vergisinin artması ilə əlaqədar onun qiymətinin yüksəlməsi qaçılmaz sayılır. Məsələn, rəsmi dilerdə "Toyota Prado 2.7L Benzin" versiyasının qiyməti 450 manat, 4,6 litr mühərrikə sahib "Toyota Land Cruiser 200 V8" modelinin qiyməti isə 5000 manat arta bilər. "Toyota"nın lüks brendi olan "Lexus" modellərinin də Azərbaycanda qiymətinin xeyli bahalaşacağı gözlənir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa görə, mühərrikinin həcmi 2000 kubsantimetrə qədər olan minik avtomobillərində mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-3000 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılır.
İqtisadçı-ekspert Vüqar Bayramov da bildirir ki, aksiz dərəcələri bahalı avtomobillərdə 10 min manatdan artıq qiymət artımına gətirib çıxaracaq: "Vergi Məcəlləsinə edilən son dəyişikliklərə diqqət yetirəndə bəlli olur ki, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənir. Mühərrik həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrik həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə, o zaman o, süni qiymət artımı olacaq".
Yuxarıda qeyd olunduğu kimi, bu vəziyyətdə ölkəyə idxal olunan böyük mühərrikli nəqliyyat vasitələrinin sayı kəskin şəkildə azala bilər. Xatırladaq ki, 2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunmuşdu. Bunların 94 mini minik avtomobili idi.
Güman olunur ki, 2014-cü ildə avtomobil idxalı əvvəlki illə müqayisədə 30 faizdən artıq azalıb. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə "Avro-4" standartlarının tətbiqi ilə bağlı istehsal ili köhnə avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik maşınların gətirilməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluqla ifadə olunacaq. Bunun nəticəsində mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənir.