Azərbaycanda Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcmi artırılır. Trend-in Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarında dəyişiklik edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti qərara alıb ki, 206 nömrəli qərarın 1-ci hissəsində "500 (beş yüz)” sözləri "750 (yeddi yüz əlli)” sözləri ilə əvəz edilsin.