Rusiya taxıl üçün nəzərdə tutduğu və proqnozlaşdırdığı ixrac imkanlarının 90%-ni artıq istifadə edib. "APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın taxıl ixracına qoyduğu qadağaya münasibət bildirərkən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Onun sözlərinə görə, bu qadağa Azərbaycan bazarına təsir göstərməyəcək. "Biz daim beynəlxalq prosesləri araşdırırıq. Həm Avropa bazarında, həm də Amerika bazarlarındakı taxılın qiymətlərini izləyirik. Bu il dünya üzrə taxıl ehtiyatının həcmi 7 mln. ton artıb. Bu rəqəm taxılla bağlı ciddi bir narahatlığın olmadığını göstərir”.
Nazir deyib ki, ötən il dünyada taxıl ehtiyatı 30 mln. ton artıb ki, bu da qiymətin düşməsinə səbəb olub: "Bu ilin sonunda yenidən dünya üzrə taxıl ehtiyatı artıb. Bizim istənilən bazarla əməkdaşlıq etmək imkanımız var. Dünya taxıl ehtiyatının azalmaması fonunda qiymətlərin artacağını gözləmirik”.
Bununla belə, nazir əlavə edib ki, gələcəkdə taxıl qıtlığı və qiymət artımından sığortalanmaq üçün dövlət öz taxıl ehtiyatını artırmaq niyyətindədir: "Artıq Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, eləcə də Fövqəladə Hallar nazirlikləri bununla bağlı hökumətə təkliflər verib. Yaxın dövrlərdə hökumət taxıl ehtiyatının 500 min tondan 700-750 min tona qədər qaldırılması ilə bağlı qərar verəcək. Bu da əhalinin 6 aylıq taxıl və un məhsullarına olan tələbatının ödənilməsinə imkan verəcək”.