"Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verilməsi Azərbaycanda bitum və yanacağın miqdarına və keyfiyyətinə təsir etməyəcək. "APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib. "Əskinə, bu müəssisənin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirilməsi bitum və yanacağın keyfiyyətini daha da yaxşılaşdıracaq”, - deyə D. Məmmədov söyləyib.
Vitse-prezident əlavə edib ki, hazırda "Azərneftyağ” zavodunun tamamilə bağlanmasından söhbət gedə bilməz, çünki müəssisədə bitum istehsalı aparılır. D. Məmmədov deyib ki, "Azərneftyağ”ın fəaliyyətinin tam dayandırılması 2018-ci ildə, yəni "Heydər Əliyev adına Neft Emalı Zavodunun tam təkmilləşdirilməsi prosesi başa çatdıqdan sonra mümkün ola bilər.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov isə qeyd edib ki, "Azəreftyağ"ın fəaliyyəti tamamilə 2030-cu ildə ləğv ediləcək. Vitse-prezident bunu tikilməkdə olan yeni neft-qaz emalı və neft-kimya kompleksinin qeyd olunan tarixdə istismara veriləcəyi ilə əlaqələndirib.