İran İR-8 adı verilən yeni model uranın zənginləşdirilməsində istifadə edilən sentrifuqların istehsalına başlaya bilər. Baki-xeber.com xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
ABŞ prezidenti Donald Trampın, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salınması qərarına sərt reaksiya verən H.Ruhani, Vaşinqtonun Tehrana təzyiqləri artıracağı halda, ölkəsinin İR-8 adı verilən yeni model uranın zənginləşdirilməsində istifadə edilən sentrifuqları istehsalına başlayacağını bəyan edib.
ABŞ-ın qərarını “xəta” adlandıran Ruhani rəsmi Vaşinqtonun bölgədə terror təşkilatlarından öz maraqları üçün istifadə etdiyini bildirib: “Sizə deyirəm, təzyiqlər davam etsə, IR-8 genişləndirilmiş sentrifuqalar istehsal edəcəyik”.
Qeyd edək ki, İran, 5+1 ölkələri ilə nüvə razılaşması çərçivəsində əlində olan IR-8 model sentrifuqların sınaqlarını dayandırmışdı. İran mətbuatı, son sentrifuqların (IR-8) əvvəlki versiyaya görə 15 dəfə güclü olduğunu yazır.
ABŞ-la İran arasında son gərginlik prezident Donald Trampın İran İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına salması ilə daha da dərinləşib. Bununla ilk dəfədir ki, Vaşinqton xarici ölkənin hərbi qüvvələrini rəsmən terror qrupu olaraq tanıyıb.
Xatırladaq ki, İnqilab Korpusu 1979-cu ilin aprel ayında, İran Islam İnqilabından sonra təsis edilib. Xaricdə isə korpusun kölgəsi general-mayor Qasım Süleymaninin rəhbərlik etdiyi Qüds Qüvvələridir. Bu qüvvələr Livanın Hizbullah kimi siə qrupuna dəstək verməklə, Yaxın Şərq və digər bölgələrdə nüfuzunu gücləndirib.
Elitar Qüds Qüvvələri 1980-ci il İraq-İran müharibəsi zamanı təsis edilib. Hazırda bu qüvvələrdə 15 min əsgər xidmət göstərir. Qüds Qüvvələri Livan, Suriya, İraq, Yəmən, Fələstin əraziləri və Əfqanıstandakı münaqişələrdə İrana arxalanan döyüşçülər və ya hökumətlərə dəstək verir.
Son zamanlar isə qüvvələr Suriyada prezident Bəşar Əl-Əsəd rejimini himayə edir. Qüds Qüvvələrini 2012-ci ildə Kanada terrorçu qrup adlandırıb. Bunun ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn İnqilab Qvardiyasını 2018-ci ildə terrorçu siyahısına salıb.