Moskvada Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Baki-xeber.com xəbər verir ki, prezidentlər arasında qapalı görüş 2 saat 15 dəqiqə davam edib.
Görüşdən sonra Rusiya və Türkiyə prezidentləri mətbuata açıqlama veriblər. Putin görüşdə Rusiya və Türkiyənin hərbi-texniki sahədə əməkdaşlığının vəziyyəti, xüsusi halda S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükü müqaviləsinin reallaşdırıması müzakirə edildiyini deyib.
Rusiya prezidenti bildirib ki, Rusiya Türkiyəyə “S-400” raketlərindən əlavə, hərbi məqsədli digər məhsulları da göndərməyə hazırlaşır. “Bu ölkəyə Rusiya istehsalı başqa hərbi məhsulların göndərilməsinə dair də layihələrimiz var” – Putin deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, heç kim Ankaradan Rusiyadan S-400 zenit-raket sistemi almaqdan imtina etməsini istəyə bilməz. “Biz suverenliyi qeydsiz-şərtsiz millətinə aid bir ölkəyik. Suverenlik haqlarımız üzərində başqalarının qərar verməsinə imkan verə bilmərik. O zaman millət, dövlət ola bilmərik. S-400 sistemlərilə bağlı yol xəritəmiz bəllidir. Hər şey bitib, indi bizə “bundan imtina edin” deyə tövsiyə edənlər, deməli bizi də tanımırlar. Bundan imtina etməyimizi heç kəs bizdən istəyə bilməz.
Qeyd edək ki, ABŞ Türkiyədən Rusiya istehsalı “S-400” komplekslərini almaqdan imtina etməyi tələb edir. Vaşinqton Türkiyəni “S-400”ləri alacağı halda, “F-35” qırıcılarını satmayacağı ilə təhdid edir.