Ermənistanın "Spayka" şirkətinin əməkdaşları İrəvanın mərkəzində Tiqran Mets prospektini bağlayıb. “Trend”in məlumatına görə, onlar şirkətin direktoru David Kazaryanın həbsinə etiraz edirlər.
Məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri D.Kazaryanın olduğu avtomobilin çıxmasına şərait yaratmağa cəhd etsələr də, nümayişçilər mane olmağa çalışıb, hətta maşına zərbələr endiriblər.
Aksiya iştirakçıları "Nikolu (baş nazir Nikol Paşinyan - red.) tələb edirik!" "Sona qədər mübarizə!" şüarları səsləndirir.
Qeyd edək ki, İrəvan şəhər məhkəməsi D.Kazaryanın iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Ona qarşı vergidən yayınma ittihamı irəli sürülüb.