Pakistan xarici işlər naziri Şah Mahmud Kureyşi, Hindistanın ayın sonunda Pakistana yeni bir hücum planlaşdırdığını bəyan edib. Baki-xeber.com xəbər verir ki, Şah Mahmud Kureyşi bununla bağlı əllərində kəşfiyyat məlumatları olduğunu deyib.
Xarici işlər naziri Hindistanın 16-20 aprel tarixləri arasında Pakistana yeni bir hücum hazırladığını söyləyib: “Etibarlı kəşfiyyat məlumatlarına əsasən, Hindistan yeni hücuma hazırlaşır”.
Şah Mahmud Kureyşi, bununla bağlı kəşfiyyat məlumatlarını, BMT TŞ-nin 5 daimi üzvü də daxil olmaqla, beynəlxalq təşkilatlar və dövlətlərlə paylaşdıqlarını və onları sülhün təmin edilməsi üçün rol oynamağa çağırdıqlarını deyib.
Nazirin sözlərinə görə, hücum aprelin 16-20 arası edilə bilər və bu məlumatın yayılmasını baş nazir İmran Xanla razılaşdırıb.
Qeyd edək ki, son vaxtlar Pakistanla Hindistan arasında gərginlik yaranıb. Belə ki, fevralın 14-də Kəşmirin Hindistana aid hissəsində bombalı hücum nəticəsində Hindistan təhlükəsizlik xidmətinin azı 40 əməkdaşı həlak olub.
Hindistan, hücumu Pakistan ərazisində məskunlaşan yaraqlıların törətdiyini bildirsə də, Pakistan bunları təkzib edib və hücumla heç bir bağlılığı olmadığını deyib.
Bunun ardınca, Hindistanın hərbi hava qüvvələri Pakistan hava sərhədini pozaraq, burada yerləşdiyini iddia etdiyi yaraqlıların mövqelərini bombalayıb və Kəşmir bölgəsində hərbi əməliyyatların əhatəsi daha da genişlənib. Hava sərhədinin pozulmasına reaksiya verən Pakistan isə Hindistanın iki qırıcısını vurub.
Xatırladaq ki, iki ölkə 1947-ci ildə Britaniyadan ayrılaraq müstəqillik əldə etdikdən bəri Kəşmirə görə 3 dəfə müharibə aparıb.