Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır. Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
B.Bozdağ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada olması işğal anlamına gəlmir və təhlükəsizliyi təmin etməyə, terrorçuluqla mübarizəyə yönəlib: "Rəsmi Ankara anlayır ki, Suriyada mövcud olan bir sıra problemlər yalnız siyasi yolla həll olunmalıdır".
"Afrində terror təhlükəsi davam edir, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik". APA-nın NTV-ə istinadən verdiyi xəbərə görə, bunu isə Türkiyənin müdafiə naziri Nurettin Canikli bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir" fikrinə münasibət bildirən Canikli, bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik" deyib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.