Suriyanın Homs vilayətindəki T-4 aviabazasına gecə saatlarında raket zərbəsi endirilib. APA-nın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb. “Aviabazaya bir neçə raket zərbəsi endirilib, hücumun ABŞ tərəfindən həyata keçirildiyi istisna olunmur”, - deyə məlumatda bildirilir.
Ilkin məlumatlarda daketlərin Aralıq dənizi hövzəsindən atıldığı iddia edilirdi. Pentaqon ancaq ABŞ-ın qeyd olunan raket zərbəsi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.
Sonradan Rusiya Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsinin Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirdiyini açıqlayıb.
Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.
Suriyanın şərqində Homs əyalətindəki aviabazaya raket zərbəsi zamanı İsrail təyyarəsi səmada olub. Trend-in məlumatına görə, T4 aviabazasına hava zərbələri zamanı İsrail aviasiyasına məxsus təyyarə səmada görünüb.
“Al-Arabiya” telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir.