Avropa Birliyi mətbuatı Yunanıstana Türkiyə ilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, Almaniyanın “Frankfurter Rundschau” qəzeti Türkiyənin Egeydə mümkün müharibəyə hazır olduğunu, Yunanıstanın isə Türkiyə qarşısında heç bir şansının olmadığını yazıb.
Qəzet Türkiyə-Yunanıstan gərginliyinin təhlükəli bir şəkildə artdığını və bu vəziyyətin Egey dənizində "arzuolunmaz bir qarşıdurmaya" gətirib çıxara biləcəyini qeyd edib. Bildirilir ki, yaşanan son hadisələrdən sonra Afina-Ankara əlaqələri sürətlə pisləşməyə doğru gedir.
Avropalı diplomatlar da, "arzuolunmaz qarşıdurma" xəbərdarlığı edərək, Afinaya müharibənin bir addımlığından dönülən 1996-ci il Kardak böhranını xatırladırlar.
Qəzet yazır ki, Egeydə tez-tez yaşanan kiçik toqquşmalar böyük qarşıdurmaya çevrilə bilər: “Türkiyə ilə silah yarışına girmək Yunanıstanın ehtiyac duya biləcəyi ən son şeydir. Çünki, müdafiə xərcləri ölkənin yavaş-yavaş həll etməyə çalışdığı maliyyə böhranının səbəblərindən biri hesab olunur".
Qeyd edilir ki, Egey və Aralıq dənizindəki mübahisəli neft və qaz yataqları və Yunanıstanın Ankaranın “qara siyahısında” olan terrorçular və FETÖ üzvlərinə sığınacaq verdiyinə görə Türkiyə bu ölkə ilə müharibəyə tam hazırdır.