Britaniya kəşfiyyatının nümayəndələri Rusiya kəşfiyyatının eks polkovniki və qızının zəhərlən(diril)diyi maddənin hazırlandığı yerin təsbit olunduğu barədə xəbər yayıb.
Baki-xeber.com-un xəbərinə görə, adıçəkilən məkan kimi Saratov yaxınlığındakı Şixan şəhərində yerləşən hərbi elmi-tədqiqat müəssisəsi göstərilir. “The Times” yazır ki, bu barədə Britaniyanın öz müttəfiqləri üçün mövzu ilə bağlı təşkil etdiyi tədbirdə bəyan edilib. Xəbərə görə, Britaniya həmin tədbiri dünya liderlərini bu işin arxasında Moskvanın dayandığına əmin etmək məqsədilə təşkil edib. Qeyd olunur ki, tədbirdə Britaniya nümayəndələri zəhərli “Noviçok” maddəsinin Rusiyanın cənub-qərbindəki Şixanda emal olunduğunu bəyan edib.
Qəzetin qeydinə görə, bu ittiham dünyanın 28 ölkəsindən 150 rus diplomatının çıxarılmasına səbəb olub.
Xatırladaq ki, martın 4-də agent Skripal və qızı Britaniyanın Solsberi şəhərində zəhərlən(diril)ib. Britaniya zəhərli A234 maddəsinin Rusiya emalı olduğunda israr edir, Rusiya isə bu iddianı qəti şəkildə təkzib edir.