Britaniya dövləti ilə Rusiya arasında agent qalmaqalı özünün pik həddinə çatıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bunu deməyə Moskvanın BMT Təhlükəsizlik Şurasından təcili toplantı tələb etməsi əsas verir. Xəbərə görə, bu tələb Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasili Nebenzya tərəfindən Suriyanın şimalındakı Xan Şeyhan qəsəbəsində 100-dən artıq insanın ölümünə səbəb olan kimyasal hücumun ildönümü münasibətilə TŞ-nın təşkil etdiyi tədbirdə səsləndirilib. İngiltərə Baş naziri Tereza Meyin martın 13-də BMT TŞ-ya Salsberi şəhərində baş verən zəhərlənmə olayı ilə bağlı məktub göndərdiyini xatırladan Nebenzya ölkəsinə qarşı ittihamları qəbul etmədiklərini, buna görə də BMT TŞ-da müzakirələrin keçirilməsini tələb etdiklərini deyib.
Xatırladaq ki, martın 4-də agent Skripal və qızının İngiltərədə zəhərlən(diril)məsinin ardından İngiltərə 23 rus diplomatını ölkəsindən çıxarıb. Buna cavab olaraq Rusiya da eyni sayda ingilis diplomatını hüdudlarından kənarlaşdırıb. Ardınca bir sıra ölkələr də Rusiyaya qarşı diplomat kampaniyasına qoşulub. Zəhərlənmə olayında əlinin olmadığında israr edən Rusiya isə bu ölkələri adekvat cavabla hədələyib.