ABŞ Müdafiə nazirliyinin sözçüsü Con Maykl ölkəsinin “İncirlik”dəki hərbi bazasını başqa ölkəyə dislokasiya etməsi barədə yayılan xəbərlərə cavab verib.
Baki-xeber.com-un CNN Türk-dən əldə etdiyi xəbərə görə, Maykl deyib ki, Türkiyə Vaşinqtonun yaxın müttəfiqi olmaqda davam edir, “İncirlik”dəki hərbi baza isə NATO və Koalisiya üçün önəmli rola malikdir.
“ABŞ-ın Avropa Silahlı Qüvvələrindəki əsgərlərinin xidmət etdiyi hər hansı bölgəni tərk etməsilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu xəbərlər ortaq hərəkət etməmizin və ümumi maraqlarımıza xidmət etməyimizin gərək olduğu bir dövrdə ayrıseçkilik salmağa hesablanıb”- deyə Pentaqon sözçüsü bildirib.
Xatırladaq ki, erməni mətbuatı “Putinin Ankaraya səfəri ərəfəsində ABŞ-ın Türkiyəni tərksilah etməsi” barədə təhrikedici xəbərlər yayıb və buna sübut kimi onun “İncirlik” hərbi bazasından 40 ton ağırlığındakı silah deposunu çıxarmasıni göstərib. ABŞ tərəfi isə sözügedən deponun “burada ehtiyac olmadığı üçün daşındığını” açıqlayaraq xəbəri rəsmi səviyyədə təkzib edib.