Rusiya prezidenti Vladimir Putinin yardımçısı ABŞ prezidenti Donald Trampın Rusiya liderini Ağ Evə dəvət etdiyini bəyan edib. Baxmayaraq ki, ölkələr arasında belə bir görüşə heç bir hazırlıq aparılmır.
Baki-xeber.com xəbər verir ki, martın 20-də Tramp Putinə zəng edib. Onlar Suriya problemini və Ukrayna böhranını müzakirə ediblər. Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbərliyindəki dəyişiklikləri nəzərə alaraq ikitərəfli əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.
Prezidentlər mümkün yüksək səviyyəli görüşün keçirilməsi məsələsinin hazırlanmasına xüsusi diqqət yetiriblər. Ağ Ev və Kreml liderlərin görüş barədə şəxsən qərar verdiklərini bildirir.
Amerika liderinin telefon zəngi ABŞ-da və onun sərhədlərindən kənarda böyük maraq doğurub. Tramp administrasiyasının üzvləri telefon danışığı zamanı onun stolu üstünə böyük hərflərlə "Təbrik etməmək" sözü yazılmış kağız parçası qoysalar da, o, buna məhəl qoymayıb və Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov da ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif etdiyini deyib.
"Bizim prezidentlər telefonla danışarkən Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib. Bu, kifayət qədər maraqlı və pozitiv ideyadır" – deyə o, bildirib.
Uşakov qeyd edib ki, görüşün vaxtı hələlik müəyyən edilməyib, amma söhbətin üzərindən az vaxt keçib - cəmi 10 gün. "Əgər hər şey normal olsa, ümid edirəm ki, amerikalılar zirvənin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər" – deyə prezidentin köməkçisi əlavə edib.
Ağ Evin sözçüsü Sara Sanders də Moskvadan gələn açıqlamaları təsdiqləyib. O bildirib ki, ABŞ prezidenti Donald Tramp martın 20-də rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi telefon danışığı zamanı aralarında mümkün görüşün baş tutmasını müzakirə edib.
“Dövlət başçıları gələcəkdə Ağ Ev də daxil olmaqla bir sıra məkanlarda ikitərəfli görüşün keçirilməsini müzakirə ediblər. Hələ ki, bundan əlavə heç nə deyə bilmərik”, deyə S.Sanders qeyd edib.