ABŞ prezidenti Donald Tramp Xarici İşlər Nazirliyinə Suriyada ABŞ liderliyindəki İŞİD əleyhdarı beynəlxalq koalisiyanın dəstəyilə terror təşkilatı YPG / PKK-nın idarə etdiyi sahələrin yenidən inşası üçün ayrılan 200 milyon dollarlıq yardımın dondurulması ilə bağlı təlimat verib.
Baki-xeber.com-un xəbərinə görə, “Wall Street Journal”-a danışan amerikalı rəsmilər Ağ Evin ABŞ-ın Suriyadakı gələcək rolunu qiymətləndirdiyini iddia edib. Səlahiyyətlilər bu qiymətləndirmə prosesində koalisiyanın Suriyada əməliyyat reallaşdırdığı sahələrin sabitliyi üçün edilməsi planlanan 200 milyon dollarlıq yardımın dondurulduğunu qeyd edib. Qəzet yazır ki, Ağ Ev sözügedən təlimatı "Trampın cümə axşamı günü ABŞ ordusunun Suriyadan çəkiləcəyinə dair çıxışına paralel olaraq" verib.
Xatırladaq ki, 200 milyon dollar əlavə maliyyə vəsaiti keçmiş xarici işlər naziri Reks Tillerson tərəfindən fevral ayında Küveytdə anti-İŞİD koalisiya görüşündə verilmişdi.
Tramp Ohayo əyalətində təşkil edilən mitinqdə çıxış edərkən ABŞ ordusunun tezliklə Suriya hüdudlarını tərk edəcəyini açıqlayıb. Onun çıxışında səsləndirdiyi "Suriyadan çox yaxında çıxacağıq. Artıq bölgədəki digər insanlar onunla məşğul olsun. İŞİD-in “Xəlifəlik” adlandırdığı nəsnənin yüzdə yüz axırına çıxacağıq. Hamısını ondan geri alacağıq." ifadələri isə mübahisələrə səbəb olub. Belə ki, daha öncə ABŞ Xarici işlər nazirliyinin sözçüsü Heather Nauert "ABŞ-ın Suriyadan çəkiləcəyinə dair bir plandan xəbərlərinin olmadığını" deyib. Ardınca Müdafiə Nazirliyi (Pentaqon) Ağ Evə sual ünvanlayaraq, Prezident Trampın fikirlərinə aydınlıq gətirilməsini istəyib.