Rusiya Xarici İşlər Nazirliyi Sietldəki konsulluğunun işinin dayandırılmasına cavab olaraq ABŞ-ın Sankt-Peterburqdakı konsulluğunu bağlamağa hazırlaşır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Izvestiya” qəzeti özünün yüksək dairələrdəki mənbəsinə istinadən yazır.
Xəbərə görə, bu günlərdə XİN bu barədə təklifini təsdiq etməsi üçün prezident Putinə təqdim edəcək. Qəzet yazır ki, bu informasiyanı diplomatik dairələrdən olan daha iki mənbə də təsdiqləyib. Bildirilib ki, ABŞ-ın Vladivostokdakı və Yekaterinburqdakı konsulluqları ilə maqayisədə Sankt-Peterburqdakı konsulluğu daha önəmli sayılır və Sietldəki konsulluğunun Rusiya üçün əhəmiyyəti nəzərə alınarsa, məhz onun bağlanması Vaşinqtona ən doğru cavab olar.
Xatırladaq ki, Londonda agent Skripalın zəhərlənmə olayının ardından bir sıra Qərb ölkələri, o cümlədən Baltikyanı dövlətlər, ABŞ, Kanada, Ukrayna, Moldova Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə qərar qəbul edib. Səbəb Britaniya dövlətinin zəhərlənmə olayında Rusiyanı ittiham etməsidir. Moskva isə barəsində deyilənləri qəti şəkildə rədd edir.