Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədə İranla əlaqələri kəsməsi qarşılığında milyardlarla dollar təklif edib. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah açıqlama verib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Suriyaya iki dəfə bu məzmunda təklif gəlib.
Səudiyyə Ərəbistanının bu təkliflə Bəşər Əsədə "Qərbi seç, İranla əlaqələri kəs, biz səni İrana qarşı qoruyaq" dediyi bildirilir.
Həsən Nəsrullah, Əsəd rejimi ilə Səudiyyə nümayəndələrinin bilinməyən bir məkanda görüşdüyünü deyib. Bildirilir ki, görüşdə Səudiyyə Əsədə, Suriyanın müharibədə viran qoyulmuş şəhərlərinin yenidən qurulması üçün maliyyə dəstəyi, qarşılığında isə Tehranla əlaqəsini kəsməyi təklif edib. Məlumata görə, Səudiyyə nümayəndələri müxaliflərə yardımların qarşısını alacaqlarına dair də Bəşər Əsədə zəmanət verib.
H.Nəsrullah hələlik, Bəşər Əsəd rejiminin bu təklifə necə cavab verdiyinin məlum olmadığını deyib.