ABŞ 60 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir. Bildirilir ki, Tramp Rusiyanın keçmiş kəşfiyyat zabiti Skripalın zəhərlənmə olayı ilə bağlı olan bu qərarı rəsmi Londonla məsləhətləşmələrin ardından verib. Açıqlamada, eyni zamanda, Rusiyanın Sietldakı konsulluq idarəsinin də bağlanacağı qeyd olunur.
“Birləşmiş Ştatlar NATO müttəfiqləri və dünya birliyi üzrə tərəfdaşları ilə birgə bu addımı Rusiyanın Birləşmiş Krallıq ərazisində kimyəvi silahdan istifadə etməsinə qarşılıq olaraq atır. Çünki bu olay Rusiyanın bütün dünyada destabillik fəaliyyətinin növbəti göstəricisi oldu”- Ağ Evin açıqlamasında deyilir.
ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayan isə deyib ki, Rusiyanın məsuliyyətsiz addımları öz nəticəsini verəcək:”Biz Rusiyaya qarşı beynəlxalq təzyiq və izolyasıya tədbirlərinin o zamana qədər önündə gedəcəyik ki, Moskva nəhayət bu davranışın yolverilməzliyini anlasın”.