Haqqında Avropa ərazisində həbs qərarı çıxarılan Kataloniyanın separatçı keçmiş lideri Karlos Puçdemont Almaniyada tutulub. Baki-xeber.com xəbər verir ki, bu barədə onun vəkili Jaume Alonso-Kuevilla sosial media hesabından yazıb.
Almaniya polisi Kataloniyanın separatçı liderini Danimarka ilə sərhəddə saxlayıb. Onun sözlərinə görə, Karlos Puçdemon Finlandiyada keçirdiyi görüşlərdən sonra Belçikaya getmək üçün yola çıxıb. Ancaq Danimarkadan Almaniyaya keçən zaman sərhəddə alman polisi tərəfindən saxlanıb.
Puçdemon hazırda komissarlığın binasındadır. Vəkil etiraf edib ki, polislər separatçı liderə qarşı korrekt münasibət göstərirlər. Onun sözlərinə görə, Puçdemon məhkəmənin qarşısına çıxmaq üçün Belçikaya gedirmiş.
Qeyd edək ki, martın 23-də İspaniya Ali məhkəməsinin hakimi Pablo Leryana Puçdemonun və onun daha bir neçə müşavirinin həbsi üçün ümumavropa orderi verib.