Britaniyanın Rusiyadakı eks-səfiri Entoni Brenton Moskva ilə London arasında hazırda yaşanan düşmənçiliyin perspektivindən danışıb.
Baki-xeber.com-un xəbərinə görə, “Independent”ə müsahibəsində o deyib ki, agent Skripalın zəhərlənmə olayı ilə bağlı iki ölkə arasında yaşanan diplomatik böhran bir neçə ay ərzində “silinib gedəcək”. Eks-səfir deyib ki, əslində bu tip hadisələr tez-tez baş verir və bu hadisələrin təhqiqatı üçün bizə Rusiyanın müxtəlif səviyyələrdə köməyi gərək olacaq. “Sanksiyalar çərçivəsində biz Rusiya ilə yüksək səviyyəli təmasları müəyyən müddət üçün dayandırırıq.Lakin bir neçə ay sonra bu gərginlik “silinməyə başlayacaq”, çünki ölkələr arasında ən müxtəlif məsələlərin müzakirəsi üçün yüksək səviyyəli əməkdaşlıq zəruridir”- o deyib.
Xatırladaq ki, daha öncə verilən xəbərə görə, Britaniya diplomatları Rusiya diplomatlarının Londondan çıxarılmasına cavab olaraq Moskvadakı səfirliyi tərk edib. Martın 26-da isə Avropa İttifaqının 20 ölkəsinin Rusiya diplomatlarına qarşı analoji addım atacağı gözlənir.