ABŞ prezidenti Donald Tramp rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırlaşır.
Baki-xeber.com-un xəbərinə bu barədə "Bloomberg" öz mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, Trampın bu addımı Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və qızının Britaniyada zəhərlənməsinə cavab olacaq. Onun artıq bu məsələ üzrə müşavirləri ilə məsləhətləşdiyi, lakin hələlik yekun qərar qəbul etmədiyi bildirilir. Agentlik bildirir ki, hələlik gözləmə mövqeyi tutmaqla Tramp avropalı müttəfiqlərinin də analoji addım atacaqlarına əmin olmaq istəyir.
Trampın müvafiq bəyanatla martın 26-da çıxış edəcəyi gözlənir.
Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı "Noviçok" tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb və olayda Rusiyanı ittiham edib. Bundan sonra 23 Rusiya diplomatına ölkədən çıxmaq üçün bir həftə vaxt verilib. Rusiya tərəfi isə Londonu analoji addımla hədələyib və ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Bunun ardınca Moskva 23 Britaniya diplomatını "arzuolunmaz şəxs" elan edib.
Xəbərdə digər Aİ ölkələrinin də analoji addım atmağı götür-qoy etdiyi bildirilir.