ABŞ Rusiyanın Əfqanıstanda Talibanı dəstəklədiyini və silahlandırdığını iddia edir. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı general Con Nikolson açıqlama verib.
Nikolson, Rusiyanın, son 1-2 ildə Əfqanıstanda Taliban güclərini dəstəkləməyə yönəlmiş siyasət yürütdüyünü və bunun üçün Tacikistan sərhədindən “Taliban”ı silahla təmin etdiyini iddia edib. Rusiyanın “Taliban”a maddi yardım etdiyinə dair iddiaların təşkilatın media orqanlarında yer aldığını ifadə edən general Nikolson, "Əfqan liderlər, rusların “Taliban”a verdiyini iddia etdikləri silahları buradakı qərargahımıza gətirdi. Rusların işin içində olduğunu bilirik" deyib.
11 Sentyabr hücumu zamanı təyyarənin Pentaqona çırpıldığı vaxt binada olan və karyerasının böyük bir hissəsini Əfqanıstandakı döyüşlərdə keçirən Nikolson, Rusiyanın “Taliban”la yaxınlaşmasının yeni bir hadisə olduğunu deyib.
Bundan öncə Rusiya ABŞ-ın bu yöndəki iddialarının əsassız olduğunu bildirərək rədd etmişdi. Yeni iddialar isə Rusiya ilə ABŞ və müttəfiqlərinin əlaqələrinin həssas olduğu bir dövrə təsadüf edir. ABŞ-ın müttəfiqlərindən olan İngiltərə və Rusiya arasındakı əlaqələr, son günlərdə keçmiş bir rus agenti və qızının İngiltərədə zəhərlənməsindən sonra gərginləşib.