Keçmiş rus FTB zabiti Sergey Skripalın Londonda zəhərlənməsi Rusiyanın ABŞ-a meydan oxuması və onu özünə strateji rəqib seçməsinin göstəricisidir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mettisin açıqlamasında deyilir. Jurnalistlərə Putinin yenidən prezident seçilməsinin iki ölkə münasibətlərində hansı dəyişikliklərə gətirə biləcəyini şərh edən Pentaqon rəhbəri deyib ki, Vaşinqton hər zaman bütün mümkün sahələrdə Moskva ilə əməkdaşlıqda maraqlı olub.”Lakin təəssüf, onlar strateji rəqib olmağı seçdilər ki, bunu Birləşmiş Krallıqda baş verən son olay da təsdiq edir” –deyə o, martın 4-də Skripalın Londonda həyatına qəsd edilməsi olayına işarə vurub.
Mettis Rusiyanı Krımın anneksiyası məsələsində və Ukraynanın daxili işlərinə qarışmaqda da qınayaraq bildirib ki, “bu siyahını uzatmaq da olar”.
Xatırladaq ki, Böyük Britaniya və onun müttəfiqləri Rusiyadan israrla Skripalın zəhərlənmə olayı ilə bağlı açıqlama tələb edir. Moskvanın bu məsələdə cavabdehliyi isə onunla izah olunur ki, Londonun versiyasına görə, olayda istifadə olunan iflic edən “Noviçok” zəhəri Rusiya istehsalıdır. Lakin Mettis deyib ki, ABŞ münasibətlərin normallaşmasına açıqdır.
Putinin yenidən seçilməsinin onu təəccübləndirib-təəccübləndirmədiyi ilə bağlı suala isə Mettis “zərrə qədər də” sözləri ilə cavab verib.