Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed bin Salman ABŞ-ın CBS televiziyasına müsahibəsində İranın dini lideri Xamneyini “yeni Hitler” adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, televiziyanın “60 dəqiqə” verilişinin suallarını cavablandıran şahzadə deyib ki, İran nüvə bombası istehsal edərsə, Səudiyyə dərhal öz silahını hazırlayacaq. İranın dini liderini “yeni Hitler” adlandıran bin Salman bildirib ki, o zaman dünyanın bir çox ölkəsi və Avropa Hitler təhlükəsini öncədən anlamadı, yalnız bu təhlükəni yaşadıqdan sonra dərk etdilər. “Hazırda İran da Orta Şərq üçün belə bir təhlükə deməkdir və mən Orta Şərqin eyni aqibəti yaşamasını istəmirəm” o deyib.
İranın Səudiyyə Ərəbistanı ilə istər hərbi, istərsə də iqtisadi cəhətdən rəqabət edə bilməyəcəyini deyən vəliəhd şahzadə deyib ki, ölkəsi hər hansı nüvə bombası istehsal etmək niyyətində deyil, lakin bunu İran edərsə, Səudiyyə dərhal öz silahını hazırlayacaq.
Xatırladaq ki, ABŞ mediası bu yaxınlarda Səudiyyə Ərəbistanının nüvə silahı istehsal etmək üçün Vaşinqtonda lobbi fəaliyyətinə başladığını yazıb. “Bloomberg” isə Səudiyyə Ərəbistanında bin Salmanın yaratdığı “Xalq Yatırım Fondu” ilə Vaşinqtondakı “Akin Gump Strauss Hauer & Feld LLP” arasında lobbi fəaliyyəti üçün bir aylığına yarım milyon dollarlıq bir anlaşma imzalandığını bildirib.
Xəbərdə o da deyilir ki, martın əvvəlində ABŞ-ın Enerji naziri Rick Perry Londonda səudiyyəli həmkarı Xalid Bin Abdulaziz Al-Falihlə bir araya gələrək mözu ilə bağlı müzakirələr aparıb. Martın 20-də isə vəliəhd şahzadə Muhammed bin Salmanın Trampla görüşmək üçün vaşinqtona gedəcəyi bildirilir. ABŞ mətbuatı artıq Tramp administrasiyasının nüvə istehsalı üçün Səudiyyə Ərəbistanına “yaşıl işıq” yandırdığını yazır. Lakin Konqresin bu məsələyə yaxşı baxmadığı da bildirilir və qeyd olunur ki, məsələ Konqresdən keçməyə bilər.