Rus iş adamı Nikolay Gluşkovun Londonda meyiti aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə, London polisi 68 yaşlı iş adamının boğularaq öldürüldüyünü təsbit edib. BBC Türkçə xəbər verir ki, polis hazırda Qluşkovun ölümü ilə Skripal və qızının zəhərlənmə olayı arasında əlaqənin olub-olmadığını araşdırır.
“Aeroflot”un sabiq Baş direktor müavini olan Qluşkov 1999-cu ildə mənimsəmə və saxtakarlıq maddələrilə 5 il həbs cəzası alıb. 2006-cı ildə yenə saxtakarlıq maddəsilə aldığı cəzası ertələnən Gluşkova 2010-cu ildə İngiltərə sığınacaq verib.
Gluşkov 1999-cu ildə Putinlə “tərs düşüb” İngiltərəyə qaçan və 2013-də orada öldürülən rus oliqarx Boris Berezovski ilə çox yaxın dost olub. Berezovksi Berkşirdəki evinin vanna otağında asılı halda aşkarlanmışdı. Polis Berezovskinin intihar etmiş ola biləcəyini açıqlasa da, olayla bağlı “Guardian” qəzetinə danışan Gluşkov yaxın dostunun intihar versiyasına inanmadığını demişdi. "Borisin öldürüldüyünə əminəm. Mediada yayımlananlardan çox fərqli bilgilərə sahibəm"- deyə o, nəşrə bildirmişdi.
Xatırladaq ki, Gluşkov 2017-ci ildə Rusiyada keçirilən qiyabi məhkəmədə “Aeroflot”dan 123 milyon dollar mənimsəməkdə suçlanmış və barəsində 8 illik həbs hökmü çıxarılmışdı. “Aeroflot” həmin məhkəməni Londona daşımışdı və bazar ertəsi Gluşkovun məhkəməyə gəlib ifadə verəcəyi gözlənirdi.