Vaşinqton “kiberhücum” və “seçkiyə müdaxilə” səbəbilə Moskvaya tətbiq etdiyi sanksiya siyahısını genişləndirib.
Baki-xeber.com-un xəbərinə görə, artıq “Müller siyahısı”nın fiqurantları və “İnternet təhqiqat agentliyi” də sanksiya altına düşüb. Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın xüsusi prokuroru Robert Müller seçkilərə müdaxilədə şübhəli bilinən rusiyalıların siyahısını açıqlayıb. Qurumun saytına yerləşdirilən siyahıda 13 şəxsin və 3 təşkilatın adı yer alıb. Bunlar əsasən iş adamı Yevgeni Priqojin və Sankt-Peterburqda yerləşən “İnternet təhqiqat agentliyi”dir ki, adı siyahıya düşən şəxslərin bu agentlikdə işlədiyi bildirilir. Müllerin açıqlamasında deyilir ki, “Rusiyada fəaliyyət göstərən bu agentliyin əsas vəzifəsi seçkilərə və siyasi proseslərə müdaxilədir”.
Hazırda “haker”lərin adı bir sanksiya paketində keçir. Bu sənədi prezident Tramp 2 avqust 2017-ci ildə imzalayıb. Maraqlıdır ki, bu sənəddə Rusiya tək deyil, burada KXDR və İranın da adı yer alıb.
“Qara siyahı”ya eyni zamanda kibertəhlükəsizliklə bağlı iki güc strukturu da düşüb. Bunlar Federal Təhlükəsizlik Xidməti və Baş Qərargahın Baş idarəsidir. Bundan əlavə, yüksək texnologiyalarla bağlı daha 3 təşkilat da siyahıya daxil edilib ki, bunlar “İnformatika sistemi konstruktorlarının peşəkar birliyi” qeyri-kommersiya təşkilatı, “Xüsusi texnoloji mərkəz” və “Rəqəmsal silah və müdafiə” təşkilatlarıdır.