Britaniya agent Skripalın və qızının zəhərlənməsinə qarşılıq olaraq Rusiyaya kiberhücumların təşkilini nəzərdən keçirir.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə “The Times” qəzeti çıxış edib. Birləşmiş Krallıqdakı mənbəsinə istinad etdiyini yazan nəşr bildirir ki, bazar ertəsi İcmalar palatasında çıxış edən Britaniya Baş naziri Tereza Mey bəyan edib ki, “Çox böyük ehtimalla, Skripalın zəhərlənməsində Rusiyanın əli var”. Eyni zamanda o, Moskvanı “etimadı bərpa edən açıqlama” verməyə çağırıb. Mey deyib ki, əks təqdirdə London Rusiyanın fəaliyyətini “Birləşmiş Krallığa qarşı qanunsuz güc tətbiqi” olaraq dəyərləndirəcək. Bu isə, “The Times”ın xəbərinə görə, Londona BMT Nizamnaməsinin 51-ci maddəsinin tətbiqi üçün əsas verəcək.
Xatırladaq ki, sözügedən maddə “təşkilat üzvü silahlı hücuma məruz qalarsa, fərdi və ya kollektiv özünümüdafiə” hüququnu nəzərdə tutur.
Nəşr onu da xəbər verir ki, Britaniya Müdafiə nazirliyi Dövlət rabitə mərkəzi ilə birlikdə kiberproqram hazırlayır. Xəbərə görə, həmin proqram Kremlin kompyuter şəbəkəsinə və “yalan xəbərlər yayan” saytlara hücum məqsədilə istifadə oluna bilər.
Bu arada Rusiya XİN sözçüsü Mariya Zaxarova Britaniya Baş nazirinin Moskva ilə bağlı fikirlərinə şərh verib. Baş Nazir Tereza Meyin çıxışını “sirk şousu” adlandıran sözçü deyib ki, London provokayaya əsaslanan növbəti informativ-siyasi kampaniyaya başlayıb. Zaxarova bunun əvəzində Britaniya hökumətini bu ölkədə müəmmalı şəkildə dünyasını dəyişmiş Litvinenko, Berezovski, Perepiliçnı kimi şəxslərin ölüm işini araşdırmağa çağırıb.