Hər hansı struktur terrorçu təşkilatlar siyahısına daxil edilibsə, onunla əlaqəli olan hər bir şəxs də terrorçu sayılır.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu sözləri AI-nin Türkiyədə səfərdə olan nümayəndə heyətinin rəhbəri, səfir Kristian Berger deyib.
PKK-nın Avropa Ittifaqının terrorçu təşkilatlar siyahısına daxil edildiyini xatırladan diplomat deyib ki, təmsil etdiyi təşkilat Türkiyənin bu terror təşkilatına qarşı fəaliyyətini dəstəkləyir. Berger xüsusilə qeyd edib ki, bütün üzv dövlətlər qurumun qoyduğu standartlara əməl etməlidir.
PKK terrorçuları ilk dəfə 1984-cü ildə öz varlıqlarını hiss etdiriblər. 2015-ci ildən isə bu qrupun üzvləri Türkiyə ərazisində davamlı terror aktları törətməklə ölkədə stabilliyin pozulmasına, hətta Türkiyənin parçalanmasına çalışır. Statistik məlumatlara görə, 2015-ci ildən bugünə kimi təşkilat 500 dinc sakinin, 800 nəfər hüquq-mühafizə orqanları əməkdaşının ölümünə səbəb olub. Terrorçu təşkilata qarşı aparılan əməliyyatlar nəticəsində 10 min terrorçu məhv edilib və ya həbs olunub.
Son illərdə isə terrorçu təşkilat PYD və YPG kimi silahlı qollara bölünərək fəaliyyətini qonşu ölkələrə də yaya bilib. Belə ki, Suriyada onlar özlərini “Suriya demokratik qüvvələri” adlandırır, İranda isə “Kürdüstanın azad həyatı partiyası” (PJAK) adı altında fəaliyyət göstərirlər.