ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib.
"ABŞ prezidenti Kim Çen Inla may ayınadək görüşə razılıq verib", - deyə Çon In Yön bildirib.
Bununla belə, o əlavə edib ki, KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə, təzyiq davam etdiriləcək.
Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət edib.
CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.
Bu arada, Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib. Bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön bildirib.
«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», - deyə Çon In Yön bildirib.
Qeyd edək ki, D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib.