NATO ölkələri Rusiya ilə sərhəddə geniş hərbi təlim keçirəcək. 45 min hərbçinin qatılması planlaşdırılan təlimlərin payızda keçiriləcəyi bildirilir. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvlərinin generalı Robert Neller açıqlama verib.
Rusiya sərhədində keçiriləcək hərbi təlimlərdə onlarla döyüş gəmisi və təyyarənin də qatılacağını deyən Neller bunun “Soyuq müharibə”dən sonra ən böyük təlim olacağını bildirib: “Bu payızda, oktyabrda amfibiyaların iştirakı ilə NATO-nun böyük təlimi keçiriləcək. Yəqin ki, bu “Soyuq müharibə”nin zirvəsində, “Trident Juncture” adı altında keçirilən təlimlərdən sonra ən böyük təlim olacaq”.
General, onlarla döyüş gəmisi və təyyarəsinin iştirakı ilə baş tutacaq təlimin Norveç sahillərində keçiriləcəyini deyib. O, təlimlərin konkret olaraq hansı bölgədə keçiriləcəyi barədə məlumat verməyib, ancaq onun Rusiya sərhədi yaxınlığında olacağını bildirib.
"Əminəm ki, Rusiya tərəfindən təşəbbüslər olacaq. Amma güman edirəm ki, bu, ABŞ-ın yeritdiyi strategiyanın ciddiliyini, NATO müttəfiqlərimizin onları qorumaq üçün bizi orada görmək istədiklərini göstərir" – deyə amerikalı general bildirib.
Təlimlərdə 45 minə qədər hərbçi iştirak edəcək.