Vüqar Bayramov: “Borcların bir qismi cərimələrdən ibarətdir”
Məlum olduğu kimi, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan, 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Bu haqda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsində qeyd edilib.
Qanun layihəsində bildirilib ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan, 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcları tam məbləğdə silinir.
Maraqlıdır, məcburi dövlət sosial sığorta haqları üzrə borc yığılmasının səbəbi nə ilə bağlıdır?
Məsələ ilə bağlı sualımızı cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun həcmi 100 milyon manatdan artıq idi: “Qeyd edim ki, borcların tarixi uzun müddəti əhatə edirdi. Bəzi hallarda borclar dövlət qurumu tərəfindən müəyyənləşdirilir ki, sahibkar tərəfindən vergi ödənişi tam olaraq həyata keçirilməyib. Bu halda artıq yeni borc müəyyənləşir və qanuna uyğun olaraq cərimələr tətbiq olunur”.
Həmsöhbətimizin sözlərinə görə, bəzi hallarda sahibkarlar ödənişi hesablayırlar, lakin bunu icra etmirlər. Təbii ki, bu halda da borclar yığılaraq həcminin artmasına səbəb olur: “Sahibkarların bir qismi isə ödənişi dövriyyəyə uyğun formada həyata keçirmirlər. Əksər hallarda sahibkarlar dövriyyədən fərqli olaraq az məbləğdə ödəniş həyata keçirirlər. Sahibkar dövriyyəsinə uyğun ödəniş həyata keçirmədikdə borcların həcmi artır”.
İqtisadçı onu da vurğuladı ki, borcların bir qismi cərimələrdən ibarətdir: “Təbii ki, cərimələr borcların artmasına təsir göstərir”.
Günel CƏLİLOVA