Rəsmi Kiyev Rusiyanın enerji şirkəti “Qazprom”un, Ukrayna enerji şirkəti “Naftoqaz”a borcunu ödəməyəcəyi halda aktivlərinə həbs qoyacaq. Baki-xeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısında bəyan edib.
Poroşenko, “Qazprom” rəhbərliyinin açıqlamalarının onların Beynəlxalq Arbitraj Məhkəməsinin qərarlarını yerinə yetirmək fikirində olmadığını göstərdiyini deyib.
"Əgər “Qazprom” qaydalara uyğun olaraq məhkəmənin qərarını yerinə yetirməyi düşünmürsə, onda biz Nyu-York müqaviləsinə görə bütün qanuni vasitələrdən istifadə edəcəyik. Qanun və beynəlxalq qaydalar, Rusiya ilə digər anlaşılmazlıqlarda olduğu kimi Ukraynanın tərəfindədir" - Poroşenko deyib.
Poroşenko məsələ ilə bağlı əlaqədar təşkilat və qurumlara təcili toplanmaq təlimatı verib: "Əgər “Qazprom” bu pulu ödəməzsə, “Naftogaz”, onların aktivlərinə girov qoyulmasına çalışmalıdır və bu qərarların həyata keçirilməsinə təmin etməlidir".
Qeyd edək ki, iki gün əvvəl Beynəlxalq Arbitraj Məhkəməsi “Naftoqaz”-"Qazprom" mübahisəsinə dair birincinin xeyrinə qərar çıxarıb. Məhkəmə “Qazprom”un Ukraynaya qaz verilməsi öhdəliyini yerinə yetirmədiyini iddia edərək “Qazprom”un “Naftoqaz”a 2,56 milyard dollar ödəməsinə dair qərar verib.
"Qazprom" isə Ukraynaya təbii qaz tədarükünü dayandıracağını bildirib. Şirkət rəsmisi Medvedev qaz nəqlində “Naftoqaz”la razılığa gələ bilmədiklərini deyib. “Naftoqaz”ın mart ayı üçün qaz nəqlinə görə verdiyi ödənişin geri göndərildiyini deyən Medvedev, 1 martdan etibarən “Naftoqaz”a qaz verilməyəcəyini bildirib.