ABŞ, Rusiya prezidenti Vladimir Putinin Federal Şuraya müraciətində dünyada heç bir ölkədə olmayan yeni raket silahı hazırladıqlarını bəyan etməsinə sərt reaksiya verib. Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt ölkəsinin hər şeyə hazır olduğunu deyib.
Pentaqon sözçüsü, ABŞ-ın nüvə potensialının Rusiyanın nüvə fəaliyyətlərinə qarşı genişləndirildiyini və Rusiyadan gələ biləcək hər hansı bir təhlükəyə qarşı tam hazır olduqlarını söyləyib.
Uayt, Putinin, dünyanın istənilən yerini vura biləcək böyük bir nüvə raketi hazırladıqları və dünyadakı heç bir hava müdafiə sisteminin onun qarşısını ala bilməyəcəyinə dair bəyanatının təəccüblü olmadığını deyib.
"Bəyanat bizim üçün təəccüblü deyil, amma Amerika xalqı əmin ola bilər ki, biz tam hazırıq... Və bu ölkəni hər nə olursa-olsun müdafiə etməyə hazır olduğumuza əminik" - deyə o, bildirib.
Qeyd edək ki, Federal Şurada, dünyada heç bir ölkədə olmayan yeni raket silahı hazırladıqlarını bəyan edən Putinin çıxışı zamanı. yeni silahın imkanları zaldakı plazma ekrandan nümayiş etdirilib.
“2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi... Dünyada belə bir şey yoxdur”, - deyə V. Putin vurğulayıb.
Rusiyanın yalnız müdafiə məqsədilə nüvə silahı inkişaf etdirdiyini deyən Putin sualtı nüvə silahı daşıya bilən yeni bir dron hazırladıqlarını bildirib. "Yüksək sürətli bu dronla təyyarə gəmiləri və sahil müdafiə obyektlərini hədəf almaq mümkündür. Qitələrarası məsafələr qət edə bilən dronu radarlarla da aşkarlamaq mümkün deyil" - deyə Putin bildirib.