"Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz". Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə "Zeytun budağı" hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq: "Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur".
Ərdoğan ABŞ-ın Suriyanın Mənbic bölgəsi üzrə Türkiyənin mövqeyi barədə məlumatlı olduğunu da deyib. Dövlət başçısı qeyd edib ki, Afrinin azad edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri Mənbicin azad olunması üzrə hərbi əməliyyata başlayacaq: "Mənbicin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər ərazidən tamamilə qovulub".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.