ABŞ-ın “Exxon Mobil” şirkəti neft yataqlarının axtarışına dair “Rosneft” şirkəti ilə bir sıra birgə layihələrdən imtina edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
Buna səbəb kimi rəsmi Vaşinqton tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar göstərilir.
Ehtimala görə, “Exxon Mobil” birgə layihələrdən çıxmaqla təxminən 200 milyon dollar itirəcək.
“RİA Novosti”nin verdiyi məlumata görə, ABŞ-ın “Exxon Mobil” neft şirkəti ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları səbəbindən “Rosneft” şirkəti ilə birgə layihələrindən çıxmaq qərarına gəlib. Şirkətin ABŞ-ın qiymətli kağızlar üzrə komissiyasına göndərilmiş illik hesabatında deyilir ki, 2013 və 2014-cü illərdə “Exxon Mobil” və “Rosneft” geoloji kəşfiyyat və elmi-tədqiqat işləri aparmaq üçün müxtəlif strukturlar yaradıblar. Sonradan, 2014-cü ildə Avropa İttifaqı və ABŞ Rusiya enerji sektoruna qarşı sanksiyalar irəli sürüb, 2017-ci ilin ikinci yarısında isə ABŞ Rusiyaya qarşı sanksiyaları kodlaşdırıb və genişləndirib.
“Korporasiyanın yuxarıda qeyd etdiyi kimi, korporasiya və onun nümayəndələri tətbiq olunan bütün qanunlara, qaydalara riayət etməyə davam edir. 2017-ci ilin sonunda korporasiya bu birgə müəssisələrdən çıxmaq qərarına gəlib. Korporasiya gözləyir ki, rəsmi olaraq bu çıxış 2018-ci ildə başlayacaq”, deyə sənəddə deyilir.
Şirkət belə bir qərarın qəbul edilməsindən itkilərin 250 milyon dollar olacağı kimi qiymətləndirir.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq Qərb ölkələri mərhələli şəkildə rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıblar. Bu səbəb Ukraynadakı vəziyyət və Krımın Rusiyaya birləşdirilməsi olub. Bu məhdudiyyətlərə o cümlədən “Tosneft” şirkəti də düşüb.