Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin təyyarəsinə şirkətlər yanacaq verməkdən imtina edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Qeyd edilir ki, Almaniyada 16-18 fevral tarixlərində təşkil edilən Münhen Təhlükəsizlik Konfransı zamanı yaranmış qalmaqal son anda həll edilib. Məlumatlara görə, Münhen Hava limanındakı firmalar konfransa qatılan İran xarici işlər naziri Cavad Zərifə təyyarəsinin yanacaq vurmaqdan imtina edib.
Almaniyaya səfərdən əvvəl Münhen hava limanında olan şirkətlərlə əlaqə quran İran Xarici İşlər Nazirliyi, şirkətlərdən mənfi cavab alıb. Şirkətlər ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqdan qorxduqları üçün təyyarəyə yanacaq vurmaq istəməyiblər.
Birbaşa Tehrandan deyil, Hindistandan Almaniyaya gəlib, buradan da Moskvaya getməyi planlaşdıran Cavad Zərifin hətta, yanacaq probleminə görə Almaniyaya gəlməkdən imtina etməyi düşündüyü bildirilir.
Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger, İran xarici işlər nazirinin konfransda iştirakının "böyük çətinliklərlə" həll edildiyini deyib. Onun sözlərinə görə, problem Almaniya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi ilə həll edilib.
Belə ki, Alman Hərbi Hava Qüvvələri Münhen Təhlükəsizlik Konfransına qatılan Cavad Zərifin təyyarəsinə 17 min litr yanacaq vurub.
Bununla da Almaniya ilə İran arasında yaranacaq siyasi qalmaqalın qarşısı alınıb.