ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin ən dəyərli ABŞ kəşfiyyat məlumatları toplumu olan Prezidentin Gündəlik Brifinqi adlanan sənədə çıxışı dayandırılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə məsələ ilə məlumatlı iki ABŞ rəsmisi xəbər verib.
Onların sözlərinə görə, bu addım Ağ Evdə dövlət sirlərinə çıxışa nəzarətin gücləndirilməsi çərçivəsində atılıb. Mənbələr onun tam məxfi məlumatlara çıxışdan ötən bir neçə həftədə məhrum edildiyini xəbər verib.
ABŞ mediası isə, Trampın kürəkəni və müşaviri olan Cared Kuşner haqqındakı təhlükəsizlik araşdırması bitənə qədər "tam məxfi" təhlükəsizlik iclaslarında iştirakına icazə verilməyəcəyini yazıb. Təhlükəsizlik orqanları səbəb kimi Kuşner haqqında araşdırmanın hələ başa çatmadığını göstərib.
Kuşnerə Ağ Evdəki məxfi təhlükəsizlik iclaslarına qatılması və məxfi sənədləri əldə etməsi üçün bir illik müvəqqəti müddət verilmişdi. Kuşner və barəsindəki təhlükəsizlik araşdırması hələ də başa çatmayan digər müşavirlər yüksək səviyyəli iclaslarda iştirak edə bilməyəcək.
Donald Tramp, prezident seçiləndən sonra qızı İvanka Tramp ilə evli olan Kuşneri ticarət siyasəti və Orta Şərq məsələlərindən məsul müşaviri təyin etmişdi. Kuşner vəzifəyə təyin olunmasından bu yana kəşfiyyat xidmətlərində prezident Tramp üçün olan gündəlik iclaslarda da iştirak edirdi.
Kuşnerin vəkilləri də xəbəri təsdiqləyib. “Politico” jurnalı 37 yaşında olan Kuşnerin cümə günü bu qərar haqqında məlumatlandırıldığını yazıb. Kuşnerin vəkili Abbe Lovell "Bu vəziyyət Kuşnerin prezidentin vacib tapşırıqlarını yerinə yetirməsinə mane olmur" deyib.
Kuşnerə ötən sentyabrda ölkə idarəçiliyi ilə əlaqəli yazışmalarını şəxsi elektron poçtundan etməsi səbəbilə də istintaq başladılmışdı.