ABŞ, Rusiya və İranın Suriyanın neft və təbii qaz yataqlarını ələ keçirmək uğrunda savaşı daha açıq forma alır. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bəşər Əsəd rejimi ilə birlikdə döyüşən İran qüvvələri Deyrizorda terror təşkilatı PYD/PKK-nın əlində olan neft-qaz sahələrini ələ keçirməyə cəhd edib.
Məlumatlara görə, bir neçə gün əvvəl İran qüvvələri PYD/PKK-nın əlində olan Koniko qaz yatağının ətrafını raket atəşinə tutub və bölgədəki 22 nöqtəni ələ keçirib. Ancaq bir neçə gün sonra ABŞ döyüş təyyarələri İran hərbi qüvvələrini bombalayıb, onları ələ keçirdikləri bölgələrdən geri çəkilməyə məcbur edib.
Suriyanın ən böyük enerji ehtiyatları, İraq sərhədində olan Deyrizor bölgəsində yerləşir. Şəhəri ikiyə bölən Fərat çayının şərqində Suriyanın ən böyük neft yataqlarını təşkil edən 11 yataq var. Bu yataqlar Suriyanın enerji qaynaqlarının təxminən üçdə birini təşkil edir.
Bu arada, Britaniyanın “Financial Times” qəzeti yazır ki, Suriyadakı ölkələr, İŞİD-in çökməyə başlaması ilə birlikdə, bu ölkədə nüfuz müharibəsinə girişib. Qəzeti bunun daha təhlükəli bir dövrün başlanğıcı olduğunu iddia edir.
İsrailin İranın bazalarını və İran dəstəkli silahlıları vurması, rus əsgərlərinin ABŞ hava hücumlarında öldürülməsi, Türkiyə ordusunun Vaşinqtonun dəstəklədiyi kürd yaraqlıları dağıtmaq üçün Suriyaya girməsi, eyni vaxtda Əsəd rejiminin müxaliflərin nəzarətində olan Əl Qutanı bombalamasına diqqət çəkən qəzet yazır ki, Suriyada savaşa çəkilmiş, öz nüfuzunu gücləndirməyə çalışan böyük qüvvələr, ortaq düşmən olmadığına görə, müxtəlif cəbhələrdə dolayı yollarla fərqli qüvvələr üzərindən bir-biri ilə müharibə aparırlar. Bu vəziyyət isə açıq qarşıdurma təhlükəsi yaradır.