ABŞ, Şimali Koreyanı nüvə proqramlarından imtinaya məcbur etmək üçün “ən ağır” sanksiyalar paketini tətbiq etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
Tramp Şimali Koreyaya qarşı “ən ağır” sanksiyalar tətbiq edəcəyini elan edib: “Biz indiyədək tətbiq edilənlər arasında ən ağır sanksiyaların tətbiqinə qərar vermişik”.
Bu, Ağ Evin Pxenyana qarşı “maksimum təzyiq” kampaniyasının bir hissəsi hesab edilir.
ABŞ-ın Şimali Koreya ilə qanunsuz ticarətlə məşğul olan şirkət və iş adamlarına sanksiyalar və cərimələri tətbiq edəcəyi bildirilir.
Sanksiyalar hədəfinə Çin, Honk Konq, Tayvan və Sinqapurdakı nəqliyyat və enerji şirkətləri daxildir. Birləşmiş Ştatlardakı şirkət və fərdlərin mülkiyyətində olan əmlakları müsadirə ediləcək və ABŞ vətəndaşlarının sözügedən dövlətlərlə ticarət əlaqələri qadağan ediləcək.
Sanksiyalar 56 obyekti - 27 mal daşınması və ticarət şirkətini, 28 gəmini və bir fərdi hədəfə alıb. Yüksək vəzifəli ABŞ rəsmisinə əsasən, həmin hədəflər Çindən Tanzaniyaya qədər dünyanın müxtəlif yerlərində yerləşir.
Şimali Koreya uzun müddət ərzində Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün mürəkkəb və gizli qlobal mal daşınma şəbəkəsinə arxalanırdı. Ancaq, Tramp administrasiyasının hazırladığı yeni sanksiyaların, Şimali Koreyanın qanunsuz dəniz nəqliyyatını, qaçaqmalçılığı, neft və kömür satışını əngəlləməyə yönəldiyi bildirilir. ABŞ maliyyə naziri isə, yeni sanksiyalarla, Şimali Koreyanın "pis gündə" istifadə etdiyi dəniz daşımaları yolu ilə kömür və digər yanacaq ticarətinə məhdudiyyətin və maneənin çox əhəmiyyətli təsiri olacağını deyib.
Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, Şimali Koreya rejiminə qarşı təzyiqlərin artılımasında və Kim Conq Una nüvəsizləşdirmədən başqa bir yol olmadığını göstərməkdə qərarlıyıq..
Şimali Koreyanın qeyri-qanuni mal daşınması və ticarət fəaliyyətini hədəfə alan sanksiyalar qərarı Şimali və Cənubi Koreya arasında gərginliyin azaldığı bir zaman elan edilib.