ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiya Donbası özünə birləşdirə bilər.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə FTB-nin ehtiyatda olan general-mayoru, Rusiya Federasiyasının xarici işlər və müdafiə Şurasının üzvü Aleksandr Mixaylov çıxış edib. ABŞ rəhbərliyinin Rusiyanın 200-dən çox məmur və biznesmenini daxil etdiyi “Kreml məruzəsi”nə diqqət çəkən general bunu Rusiyaya təzyiqin növbəti dalğası adlandırıb. Bildirib ki, əslində bu məruzənin ortaya atılması və onun tam məzmununun məxfi saxlanması Vaşinqtonun arqumentsizliyindən xəbər verir. “Bu, diplomatik münasibətlərin son qırılma həddidir, bundan sonrası dalandır” o deyib.
Rusiyanın mümkün cavab addımlarına gəlincə, FTB generalı deyib ki, bu cavab Donetsk və Luqanskın Rusiyaya birləşdirilməsi şəklində ola bilər. “Niyə də yox? Donbası Rusiyaya birləşdirməyin vaxtı çatıb” o deyib.
Xatırladaq ki, “Kreml məruzəsi” açıqlanandan sonra prezident Putin ona “İt hürər karvan keçər” zərb-məsəli ilə cavab verərək, rusiyalıları belə şeylərə fikir verməməyə çağırıb.