İran Suriyanın üzərində pay haqqı olduğunu iddia edərək, Dəməşqdən uzunmüddətli siyasi və iqtisadi imtiyazlar istəyir.
Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən İranın dini lideri Əli Xamneyinin hərbi məsləhətçisi general Yahya Rahim Səfəvi Rusiyanı nümunə göstərərək ölkəsinin də Suriyanın üzərində pay haqqı olduğunu deyib.
Səfəvi bildirib ki, İran Suriya müharibəsindəki xərclərini ödəmək üçün uzunmüddətli razılaşmalar əldə edilməlidir. O, Rusiyanın Suriya ilə bu cür razılaşmalarının olduğunu deyib: "İran müharibə xərclərinin qarşılığını Suriyanın neft, təbii qaz və fosfat mədənlərindən almalıdır. Ruslar Suriya ilə 49 illik razılaşma əldə etdilər. Həm hərbi bazalar qurdular, həm də siyasi və iqtisadi imtiyazlar əldə etdilər. İran da Suriya hökuməti ilə uzunmüddətli siyasi və iqtisadi əlaqələr qura bilər. Bu yolla xərclər qarşılana bilər. İran hazırda Suriyadakı fosfat mədənini işlədir".