Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyada bu dəfə rejim tərəfdarı terrorçu qruplarla qarşı-qarşıya gəlib. Baki-xeber.com xəbər verir ki, Türkiyənin bir aydır hərbi əməliyyatlar keçirdiyi PKK/PYD torrorçularının nəzarətində olan Afrinə doğru hərəkət edən Suriya hökumət qüvvələri Türkiyə hərbi artilleriyasının xəbərdarlıq atəşindən sonra geri çəkilib.
Məlumata görə, dünən TSQ və Azad Suriya Ordusunun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatına qarşı PKK terrorçularına dəstək vermək məqsədilə Hələbdən yola çıxan Əsəd ordusu Afrinin cənubundakı Nubul kəndi istiqamətindən bölgəyə daxil olub. Ancaq Türkiyə Silahlı Qüvvələrinin artilleriya ilə xəbərdarlıq atəşindən sonra Suriya rejiminin silahlıları Afrin şəhərinin mərkəzinə 10 km qalmış geri çəkilməyə məcbur qalıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada rejim tərəfdarı terrorçu qrupların Afrinə daxil olma cəhdlərinin qarşısının alındığını deyib: "Terrorçuların qarşısı alındı. Bu məsələ indilik gündəmdən çıxarıldı. Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn terrorçular geri çəkilmək məcburiyyətində qaldılar".
Qeyd edək ki, dünən “Reuters” xəbər agentliyi Suriya rejiminə yaxın media orqanlarına istinadən, Suriyada Bəşər Əsədə bağlı silahlı qruplar Türkiyənin əməliyyat keçirdiyi PYD/YPG terrorçularının nəzarətində olan Afrinə girməyə başlaması barədə məlumat yayıb. Məlumatda o da bildirilirdi ki, Türkiyə Silahlı Qüvvələri konvoyun keçdiyi bölgəni artilleriya və pilotsuz təyyarələrlə ağır bombardmana tutub.
Suriya dövlət televiziyası ağır silahlarla təchiz edilmiş 20 avtombilin Afrinə girişinin görüntülərini də yayıb.
Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG sözçüsü Birusk Heseke də, rejim tərəfdarı milislərin Afrin sərhədlərində yerləşdiriləcəyini deyib.
Onu da xatırladaq ki, bazar ertəsi dövlət mediasında Suriyanın hökumət tərəfdarı qüvvələrinin Türkiyəyə qarşı Afrinə gedəcəyi haqda məlumat verilib. Hərbi qüvvələrin yerləşdirilməsi Türkiyənin Suriya hökumətinə Afrinə daxil olmamaq haqda xəbərdarlığından sonra başlayıb. Belə ki, Türkiyə hərbi qüvvələrin kürd döyüşçülərini müdafiə etməyə çalışdığı təqdirdə onlara cavab veriləcəyi barədə xəbərdarlıq etmişdi.