“Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsəd Afrinlə bağlı qərarsızdır". APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: “Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”.
M. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır.
Bundan əvvəl isə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib. O bildirib ki, Suriya qoşunları Afrinə daxil olmayacaq: "Suriya tərəfi də bu informasiyanı təsdiq etməyib".
Qeyd edək ki, fevralın 19-da Suriya Dövlət Televiziyası bu ölkə hökuməti ilə PYD-YPG arasında əldə olunan razılığa əsasən Suriya ordusunun Afrinə girəcəyi barədə xəbər yayıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.