Suriyada Bəşər Əsəd rejimi PKK-nın Suriya qanadı YPG-ni Afrində Türkiyə ordusu və Azad Suriya Ordusunun hücumlarından qorumaq üçün PKK ilə işbirliyinə başlayıb. Baki-xeber.com xəbər verir ki, belə bir iddia ilə Livanın "Al-Mayadeen" televiziyası çıxış edib.
İddialara görə, Əsədə bağlı silahlılar müşahidə aparmaq üçün YPG/PYD terror təşkilatının nəzarətində olan Afrinə göndərilib. Kanalın bölgədəki jurnalistlərə istinadən, Suriya ordusunun, YPG terrorçularına dəstək vermək üçün Afrinə qoşun göndərəcəyini bildirir.
Bundan əvvəl, Rusiyanın rəsmi RİA xəbər agentliyi, Əsədlə PYD terrorçuları arasında əldə edilən razılaşmaya əsasən, Suriya ordusunun yaxın günlərdə Afrinə girəcəklərinə dair məlumat yaymışdı: "Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan torpaqları Dəməşq rejiminə bağlı silahlılara təslim ediləcək. Suriya ordu birlikləri yaxın günlərdə Afrin bölgəsində nəzarəti ələ almağa başlayacaq".
Daha sonra isə mediada tərəflərin razılaşmadığına dair xəbərlər yayılmışdı.
Rusiyalı ekspert Sergey Demidenko isə Suriya ordusunun Afrinə girmə ehtimalının aşağı olduğunu deyir. Onun fikrincə, bu birbaşa Türkiyə ilə müharibə təhdidi daşıyır: "Proseslərin bu istiqamətdə getmə ehtimalı çox aşağıdır. Çünki Suriya ordusunun bölgədə döyüşməsi üçün qalan tək tərəf Türkiyədir. Məncə Suriya ordusu belə bir hərbi qarşıdurmaya getməz. Ayrıca Suriya qüvvələrinin böyük bir hissəsi Əsəd tərəfdarı paramilitar qruplardan ibarətdir. Döyüşə hazır vəziyyətdəki nizamlı birliklər çox az qaldı, ələvilərdən ibarət Respublika Mühafizəçilərindən başqa".
Demidenkonun fikrincə, Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara qarşı Əsəd-PKK işbirliyi iddiaları, Suriya ordusu və Dəməşqin həm siyasi, həm də hərbi mənada güclü olduğunu göstərmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu cür açıqlamalar sadəcə daxili auditoriyaya hesablanıb. Digər tərəfdən Suriya ordusu kürdlər üçün müttəfiq olmaq baxımından ən yaxşı variant deyil.