ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasını İrana qarşı hərəkətə keçməyə çağırıb. Baki-xeber.com xəbər verir ki, N.Haley bu çağırışı İranın Yəmənə qarşı silah embarqosunu pozmasına dair BMT mütəxəssislərinin hazırladığı hesabatdan sonra səsələndirib.
Mütəxəssislər, yanvar ayında BMT TŞ-yə təqdim edilən hesabatda, 2015-ci ildə qəbul edilən silah embarqosu qərarından sonra Yəməndə İran mənşəli raket qalıqları tapdıqlarını bildiriblər.
Hesabatın, onun aylardır söylədiklərini təsdiqlədiyini deyən Haley, dünya ölkələrini bunu cavabsız qoymamağa çağırıb. "İran, BMT TŞ-nin qərarlarını pozaraq Yəmənə qanunsuz olaraq silah göndərib. Dünya açıq şəkildə törədilən bu pozuntuları cavabsız qoya bilməz. BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsinin vaxtı gəldi" - deyə o vurğulayıb.
O, bildirib ki, Tehran bunun cəzasını çəkməlidir.
Məlumata görə, İranın addımları, yaxın günlərdə BMT TŞ-də müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Haley dekabr ayında BMT TŞ-nin iclasımda bildirib ki, Birləşmiş Ştatlar, İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanı hədəf alan raket hücumlarına görə, İrana qarşı hərəkətə keçəcək. Ancaq həmin vaxt Rusiya bu cür planları qəbul etməyəcəyini bəyan edib.